Kaos deyəndə hər zaman bizdən uzaqda, hardasa bir yerdə, keçmişdə və ya gələcəkdə, baş vermiş ya da baş verəcək bir şey kimi təsəvvür edirik. Çox nadir halda kaosun içərisində yaşadığımız barədə düşünürük. Ondan daha az ehtimalla isə buna inanırıq. Həqiqətdə onunla vəhdət təşkil etməklə yanaşı kaosa həyatımızın müxtəlif anlarında birbaşa toxunaraq təmasda da oluruq.
Kaos əslində ilkin mənası etibariylə sonsuz olanı ifadə edir. Bu gün bildiyimiz mənada isə nizamsızlıq canlanır təsəvvürümüzdə. Burada “təsəvvür”ü vurğulamaq vacibdir. Çünki həm sonsuzluq həm də kaos bizim təsəvvürümüzün məhsuludur. Hər ikisi birbaşa anlaşıldıqları mənanın xaricində zehnimizin qavrayış limitlərini təmsil edir. Belə ki, sonsuzluq əksər halda insan zehninin qavraya bilmədiyi nöqtədən etibarən başlayır. Kaos da eyniylə qavrama həddimizin üzərindəki mürəkkəblikdəki strukturlar qarşısında meydana çıxan konsepsiyadır. Halbu ki, insan üstü bir diqqətlə yaxından baxa bilsəydik kaosun səbəb-nəticə prinsipini izləməkdən başqa bir şey etmədiyini görərdik.
Kainatın nəzdindən insanın öz dəyərini ucuzlaşdırması tərəfdarı deyiləm. Ancaq özünü dərk zamanı təkəbbürə düşmək də çox asandır. Bu düşüş zamanı ən dərinlərdə rastlana biləcək şeylərdən biri qavrayış kompleksidir. İnsan özünü nə qədər unikal bir varlıq olaraq görürsə zehninin məhdudiyyətindən bir o qədər utanmağa başlayır. Bu mənada kaos həm də insanın kompleksidir. Bəlkə də ona görədir ki, kaos sözü müsbət duyğu yaratmır. Bu kompleks, kaosun təbiətinə dair ən vacib həqiqətlə aramızda görünməz pərdə çəkərək bizi kor edir. Həmin həqiqət kaosun bizim təsəvvür etdiyimizin əksinə əslində yaradıcı qüvvə olmasıdır. Kaos nizam yaradır. Bunu ideala yaxın sistem yaranadən torbadakı elementlərin qarışdırılması olaraq bəsid şəkildə təsəvvür edə bilərik. Pozulmuş, zaman içərisində təhrif olmuş sistemlər də eyni qayda ilə “yenilənir”. Ona görə kaos bədii şəkildə desək bir növ doğum sancısıdır. Ağrılıdı, ancaq həyatla doludu.
Düzənsizlik dedikdə gözümüzdə adətən formasız ləkələrin nizamsız və bir-birini izləyən sürətli hərəkəti canlanır. “Mavi kölgələr” rəsm seriyası da bu təsəvvürdən faydalanır. Bəzi kompozisiyalarda kaos həyatın içərisindən bir obraz kimi qarşımıza çıxır. Çünki onun barəsində saydığımız hər bir xüsusiyyət kaosun ətrafına çəkilmiş konturu daha da dəqiqləşdirir, bir növ qaynayıb daşan coşğunu çərçivəyə salır.
“Mavi kölgələr” seriyası həmçinin qlobal miqyasda insan toplusunu mikro xaosa bənzədir. Kənardan baxan biri üçün nizamsız, ancaq daxilində fərddən millətə qədər müxtəlif təbəqələrlə qat-qat sistemləşən nizamdır bu. Bu məntiqdən irəli gələrək fərdi “cəmiyyət kaosu”nun ən təməl elementi və xam maddəsi olaraq görürük. Axıntı içərisində sürüklənməyə qarşı çıxan fərdlər bunun “mükafatını” kaosu özünə yük edərək və onu daşıyaraq alır. Beləcə həm də üzləşməyə gedən yolun ilk mərhələsi başlanır. İnsan yalnız gücünün son damlasında onunla üzləşməyə hazır olur.
Zehnin üfüq xətti kaosdur. O, dünyanın kətarından sonsuz boşluğa doğru səyahətə çıxmazdən əvvəl üzləşəcəyimiz son şeydir. Ancaq kaos həm də insanların yaratdığı sosial dünyada bizim evimizdir. Cəmiyyətin evi insanlıqla birlikdə dağılacaq. Təbiət isə hər dəfə yenidən başlamaq üçün torbanı qarışdırmağa davam edəcək. Kaos, yaratmaq üçün yox edəcək.
Back to Top