İnsanlıq olaraq hər nə qədər dövlətlərə və millətlərə sərhədlər vasitəsiylə bölünsək də vahid insan anlayışının bəlkə də ən gözəl təcəssüm etdiyi məcra mədəniyyətdir. Tarix boyu xalqların bir-birinə qaynayıb qarışması nəticəsində ortaq mədəni irsin yaranması və ya ən bəsid halda hətta iki millətin dünənində nə vaxtsa yollarının kəsişməsi bu günün mənədi həyatına çox gözəl rəng qatır.
Latviya ilə Azərbaycanı da belə bir mənəvi əlaqələr bir-birinə bağlayır. Əlbətdə iki dövlət arasında bir çox cığır vardır. Ancaq bizi bir-birimizə bağlayan “körpü”lərdən birinin adını xüsusi vurğulamaq lazımdır: Yulius Straume.
Oktyabrın 20-dən Latviyanın Gülbene şəhərindən olan iki rəssam – Yulius Maderniks və Yulius Straumenin Bakıda – Milli Xalça Muzeyində “İki Yulius” adlı sərgisi başlayıb. Adı Azərbaycan xalçaçılığı ilə bağlı olan isə məhz Yulius Straumedir.
Sərgidə nümayiş olunan eksponatları ardıcıl olaraq izləyərkən doğmalıq təəsüratı yaradır. Eskizlərdə, bəlkə də hər iki eskizdən bir, mütləqdir ki, bizə tanış olar ornamentə, naxışa rast gəlinir. Əlbətdə bu təsadüfi deyil.
Yulius Qafqaz Kustar Komitəsində Rəssamlıq şöbəsinin müdiri vəzifəsində çalışarkən onun tabeliyində bir çox yerdə olduğu kimi Azərbaycan ərazisində emalatxanalar fəaliyyət göstərirdi. Bu dövrdə məşhur rəssam əsasən xalça ornamentləri olmaqla milli əl işi nümunələrinin eskiz və fotoşəkillərini toplayırdı. Ona görə də nümayiş olunan eskizlərin, özündə doğma, milli izlər daşıması bizi təəccübləndirməməlidir. Eskizlər əsasən ən qədim naxış olan həndəsi ornamentlərlə bəzədilib. Bunlara "Stilizə edilmiş gül", "Damğa", "Quş", "Əjdaha", "Qarmaq" və.s kimi bir çox naxışı nümunə göstərmək olar. Bununla yanaşı “Günəş”, “Sərkərdə”, “Bayquş”, “Rəqs” mövzulu kompazisiyalar da mənim üçün kifayət qədər diqqət çəkici oldu. Latviyanın mədəni tarixindən bəhs edən həndəsi ornamentli eskizlər istər coloriti, istərsə də harmoniyası ilə göz oxşayır.
Bu məqamda kiçik bir qeyd olaraq bildirim ki, Yulius Straumenin Azərbaycanda fəaliyyət dairəsi geniş olub. O, ölkəmizdə həmçinin pedaqoji fəaliyyət göstərib. Latviyalı sənətçi Şuşada rəssamlıq məktəbində dərs deyib. Yulius Straume xalça sənətinə texniki cəhətdən yenilik də gətirmişdir. Belə ki, toxuculara paylamaq üçün eskizlərin qrafik kağız üzərində çəkilməsi ideyası məhz ona məxsusdur.
Yenidən sərgiyə qayıtsaq, kompazisiya eskizləri ilə yanaşı, orijinal xalçalar, əşyalar, geyim nümunələri də qonaqlara nümayiş olunur. “İki Yulius” sərgisi izləyicilərdə kifayət qədər çeşidliyi və dolğunluğu ilə müsbət təəsürat yaradır. Bununla belə yeganə məyus edici məqam orijinal xalçaların az olmasıdır. Əlbətdə bir çox eskizin yerinə həmin eskizdə təsvir olunan xalçanın orijinalını canlı olaraq görmək istəyər hər kəs. Ancaq bunun baş tutmaması da müəyyən mənada anlaşılandır. Nəticədə müəyyən siyasi – diplomatik proseduraların yaratdığı maneələr ilk və son deyil. Sənətin universallığına kölgə salan bu kimi hallar təəssüf hissi doğurur.
Son olaraq, Straumenin eskizləri özündə xalçaçılığın tarixini əks etdirən nadir irsdir. Hansı ki, bura Azərbaycan xalçalarının eskizləri də daxildir. “İki Yulius” sərgisi isə izləyiciləri həmin irslə əhatəli şəkildə yaxınlaşdırır, üzləşdirir.
Cavid Həsənli
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Təsviri Sənət Tarixi və Nəzəriyyəsi
Magistr, I kurs