Bu esse texnalogiyanın sənətlə ünsiyyətini dəyərləndirir və gələcək perspektivlərini təhlil edir.
Rəqəmsal əsrdə müasir incəsənət: “Süni xilaskar”
Təsviri incəsət barədə düşündüyümüz zaman adətən ağlımıza kətan, yağlı boya, sulu boya, fırçalar və.s gəlməsi təbiidir, ancaq digər tərəfdən təsviri sənət, təsvir xüsusiyyətinin nümayişini çeşidləndirəli çox uzun zaman oldu. İlk öncə fotoroqrafiyanı, ardınca elektron, rəqəmsal və komputer sənətini qeyd edə bilərik. Bu gün isə silsiləyə bir halqa daha əlavə olunmaq üzərədir – Süni İntellekt (Artificial intelligence).
Təsviri sənətin inkişafı tarix böyu mövcud olduğu dövrün mühiti, sosial, siyasi və iqtisadi, XX əsrdə daha çox və daha sürətli şəkildə qlobal hadisələrin fonunda yönləndirilmişdir. Sənətdən dini idealogiya, siyasi propaqanda, XX-XXI əsrdə marketinq vasitəsi kimi istifadə edilmiş, sənət isə inkişafa olan doyumsuz aclığını elmi və cəmiyyət mühitinin psixologiyası üzərindən tətmin etməyə çalışmışdır. Xüsusiylə təsviri incəsənət sahəsinə praktikada tətbiq olunan texnoloji yeniliklər sənətin zahiri və daxili görkəmini əhəmiyyətli dərəcədə dəyişdirmişdir. Məsələn, yağlı boya tubikləri rəssamları emalatxanalardan çıxarıb təbiətə yönəltmiş, fotoaparatlar rəssamlara reallıq və həqiqət anlayışlarını fəlsəfi müstəvidə sorğulatmış, komputerlərin evlərə girməsi ilə dünyada sürətlə məşhurluğu artan rəqəmsal sənətlə yaradıcı insanlara yeni oyun sahəsi təqdim etmişdir. Hərçənd bu yeniliklərin heç biri ilk dövrlərdə bir mənalı qarşılanmamışdır.
İnsan hər zaman bilmədiyindən qorxar. Bunu fotoaparatın kəşfində, sənaye inqılabında, komputerlərin istifadəsində və bənzər digər texnaloji yeniliklərin sənətə inteqrasiyasında görürük. Hər zaman əvvəl inkar edilir, daha sonra isə onu dərk etdikcə qəbullanılır və adaptasiya olunur.
Rəqəmsal sənət hər nə qədər vizual və texnalogiya cəhətdən fərqli görünsə də əslində məqsəd və buna əsaslanan işləmə mexanizmi eynidir. Yaradıcı şəxs, ya hər hansı fəlsəfi nəzəriyyəyə əsaslanan, ya da sadəcə təəccüb doğura biləcək vizual obyekt - əsər yaradır. Biz onu görürük, eşidiyir, müəyyən mənada duyur və anlayırıq. Yeganə fərq sənət obyekti ilə üz-üzə gəlmək üçün rəqəmsal dünyaya daxil olmalıyıq. XX əsrdə yaranan bu dünya XXI əsrdə artıq kainata – Metaverse`ə çevrilib. Bu kainat 3D virtual reallıq, NFT, İllustrativ obyektlər və rəqəmsal vizuallaşdırma proqramları, elektronik musiqi, video oyunlar, datanın vizuallaşdırılması və.s kimi bir çox dayaq nöqtəsi üzərində inşa edilib. Bu kainatın yeni günəşi isə süni intellektdir (AI).
Süni intellekt XXI əsr üçün həm də xilaskar rolunu oynaya bilər. Video art-dan tutmuş, GİF sənətinə qədər demək olar bütün rəqəmsal sənət nümunələri ötən əsrin mirasıdır. XXI əsr isə arxada qalan ilk rübün yekununda köhnələrin fərqli versiyalarını və biraz da sintezləyərək yaratmaqdan başqa heçnə etməyib. Ümumiyyətlə bir qədər arxaya çəkilib ümumi mənzərəyə baxsaq görərik ki, bu günün təsviri sənət dünyası şaquli yox, üfiqi formatda inkişaf edir. Daha doğrusu “inkişaf” illuziyası yaradır. Ancaq hər nə qədər süni intellektin özü də ötən əsrdən inkişaf etdirilməyə başlasa da geniş kütlə qarşısına qəfil çıxışı XXI əsrin ilk rübünün sonuna təsadüf etdi.
AI gizli şəkildə içimizə (sənətçilərin arasına) sızmadı, qəfil qarşımıza peyda oldu. Onun bu cəsarətli addımını, məğrur və soyuqqanlı duruşunu heç kəs gözləmirdi və xüsusiylə sənətçilər onunla üzləşməyə hazır deyildi. Dövrəyə alındı, ətrafında dönərək düşünməyə başladıq. Biz bununla nə etməliyik? O artıq var, mövcuddur və görürük. Gözümüzlə gördüyümüz şeyin varlığını inkar etmək üçün gec deyilmi? Bəlkə də bu “dərk etmə” prosesi hələ də davam etdiyi üçün dünyada hələ ki, o qədər də çox AI ilə çalışan sənətçi yoxdur. Nümunə olaraq Mario Klingemann, Robbie Barrat, Anna Ridler, Refik Anadol və daha bir neçə sənətçinin adını çəkə bilərik. Əlbətdə sənətçilərin sayının bu qədər az olmasının bir digər səbəbi AI ilə məşğul olmaq üçün müəyyən səviyyədə komputerdən istifadə, kod yazma, datalardan istifadə bacarığı və.s də ehtiyac duyulmasıdır. Unutmamaq lazımdır ki, hələ ötən əsrin ikinci yarısında komputer sənəti yeni-yeni meydana gələn zaman ilk nümunələri hazırlayanlar sənətçilər yox, komputer mühəndisləri və proqramçılar idilər. Yəni AI rəqəmsal dünyanın sənətinə yön verməklə yanaşı “rəssam” anlayışının tərifini, sənətçi profilinin xüsusiyyətlərini də dəyişməyə davam edir.
İnsanların süni intellektə uyğunlaşması əvvəlki texnalogiyalara nisbətən daha sürətli olacaq. Çünki keçmişdən fərqli olaraq biz artıq rəqəmsal əsrdə yaşayırıq. Digər tərəfdən AI elə sürətlə yayılır və inkişaf edir ki, bizim ona getməyimizi gözləmək yerinə o, bizə doğru gəlir və bizi uyğunlaşmağa məcbur edir. Yenə də istənilən texnaloji vasitə, özü özünə hansısa əsəri yaratmağa qərar vermədikcə, bu barədə sərbəst iradə nümayiş etdirmədikcə, mahiyyət etibariylə rəssamın əlindəki fırçadan fərqsizdir. Ancaq siz yenə də, bir gün “enter” düyməsini sıxdığınız zaman AI, sizə bu gün əsər yaratmağa həvəsinin olmadığını deyərsə, komputeri elektrik yuxasından ayırmağı unutmayın.
Cavid Həsənli
Rəssam, sənətşünas