ÖZÜNƏ KURATOR​​​​​​​
“Özünə kurator” bildiyimiz mənada kuratorluq deyil. Fərq bundadır ki, ümumi qəbul görən mənada kuratorlar müəyyən bir sahədə o sahənin bədii yaradıcıları (sənətçiləri) ilə işləyə bilir. Ancaq özünə kurator olan insan həm də bədii istehsalçıdır. Özünə kurator olan sənətçi ancaq öz işlərini “kurasiya” edə bilir. Başqa heç bir sənətçiyə, sərgiyə və ya tədbirə kuratorluq edə bilmir. Çünki bu bilgiyə malik deyil.
Əgər kuratorluq bilgisinə sahib deyilsə necə öz “sərgisini kurasiya” edir? Bunun əsas səbəbi - özünü və sənətini istənilən kuratordan daha yaxşı tanımasıdır. Əlbəttə hər sənətçi bu qədər özünü dərk səviyyəsində və ya ümumiyyətlə bunda maraqlı olmaya bilər. Ancaq bunu bacaran sənətçilərin özünə kurator olması daha yaxşıdır. Çünki kurator çox geniş mənada desək, sənətçi və ya əsərlə izləyici arasında körpü rolunu oynayır. Bu körpü nə qədər mükəmməl olsa da bir tərəfdən digər tərəfə keçən bilgi, duyğu müəyyən dərəcə itki ilə üzləşir, ya da təhrifə məruz qalır. Təhrifin xüsusilə günümüzdə normallaşdırıldığını nəzərə alsaq, bu məsələnin nə dərəcə dramatik əhəmiyyətə sahib olduğunu anlayarıq.
Bütün bunların yekununda özünə kuratorluğun ən böyük faydası sözügedən itkiləri demək olar ki, sıfıra endirməkdir. Həm də beləcə sənətçi və ya əsərlə izləyici arasında birbaşa əlaqənin olması, ötürülən duyğunun saflığını qoruyacaqdır.
Yanıldıcı olmaması üçün bir daha xatırlatmaqda fayda var: Özünə kuratorluq həqiqi mənada kuratorluq deyil və sənətçidən ən vacib olan iki bacarığı tələb edir:
Özünü müşahidə bacarığı
Bədii istehsalı təhlil bacarığı / istəyi
“Sənətçi nə demək istəyir?”, “Əsər nə məna daşıyır?”, “Sənətçinin gözündə əsərin mahiyyətin nədir?”. Qeyd etdiyim iki şərt qarşılandığı müddətcə bu sualların ən saf mənbəyi yaradıcının (sənətçinin) özüdür.
Back to Top