Oyaq və yuxuda olmaq nədir?
İnsanın mövcud olması onun sözün həqiqi mənasında var olması demək deyil. Bu mənada şüurun da açıq olması onun oyaq olması mənasına gəlmir. Bəs nədir oyaqkən yuxuda olmaq?
Doğulduğumuz gündən bizim üçün əvvəlkilərin saldığı cığırı izləyirik. Ömrün hər mərhələsində nə edəcəyimiz əvvəlcədən bəllidir. Keçməli olduğumuz hədəflər, üzləşəcəyimiz çətinliklər, hətta diləməli olduğumuz arzular əvvəlcədən bizə siyahı kimi verilib. Bir ömrü müəyyən hazır şablonlar içərisində yaşayırıq. Heç vaxt harada olduğumuzu, niyə bunları etdiyimizi sorğulamırıq. Səhər gün çıxandan axşam gün üfüqdə yox olana kimi edilən hər şey edilməli olduğu üçün baş verir. Əzbərlənən davranışlar, əvvəlcədən hazır şəkildə təhfil aldığımız düşüncə qəlibləri. “Həyat bir oyundu” deyirlər. Bəli, bəlkə də elədir, ancaq biz oyuna o qədər aludə olmuşuq ki, onun real olduğu illüziyasına qapılmışıq. Heç vaxt başımızı bir anlıq da olsa oyundan qaldırıb ətrafımıza baxmırıq. Beləcə bütün bu oyun bir gün bizim üçün “real” olur. Həmin hədəfləri də, arzuları da o qədər mənimsəyirik ki, hətta əvvəlcədən seçilmiş seçimlər arasında “seçim” edərkən də bunun azad iradəmizin sübutu olduğuna inanırıq. Bütün bunların yekununda kim deyə bilər ki, biz oyağıq?
Yuxarıda səsləndirilən fikirlər əslində çox köhnədir. Hətta insanlar bunların artıq vaxtı keçmiş düşüncələr olduğuna da inana bilər. Ancaq bu məqamda bir məsələ üzərində düşünmək faydalı olar. Heç vaxt cavablandırılmamış sual təkrar-təkrar səsləndirildiyi üçün unudulmağa məhkumdurmu? Cavabı olmayan sual, kimsə cavab verənə kimi ən yeni sualdır. Məsələn İmaməddin Nəsiminın “Qafil oyan!” çağırışı bu sualın sonsuz dəfə səsləndirildiyi, bu günə, bu ana kimi axıb gələn zaman içərisində qeyri müəyyəninci idi. Bununla belə Nəsiminin çağırışı bütün insanlığın bir vahidlik içərisində təmsili nəzərə aldıqda, insanın var olmağı ilə yox olmağı arasında keçən keçən zamanı əhatə edir. Bəs nədir bu sonsuz dəfə təkrarlanan oyanmaq çağırışı? Oyaq olmaq nədir?
Bütün dünyəvilikdən əl-ətiyini çəkib tərki dünya olmaq ilk ağla gələn ən bəsid, eləcə də birbaşa düşüncə ola bilər. Ancaq məsələ o qədər bəsid deyil, həm də o qədər mürəkkəb, çətin deyil. Oyaq olmaq oyundan çıxmaq yox, əvvəla bir oyun oynadığını dərk etməkdir. Burada bir məsələni aydınlaşdırmaq lazımdır; İnsanın materialist, dünyəvi tərəfini gözardı etmək onunun yaradılış və ya varlıq səbəbinə (əgər belə bir səbəb varsa) ziddir. Çünki varlıq üzərinə bütün düşüncələr hələ ki, bildiyimiz qədəriylə materialist mühitin bizə təqdim etdiyi imkanlar üzərinə inşa olunur. Ən bəsid nümunəsi elə insanın doğulmasıdır. 
Yenidən oyanışı “oyun” bənzətməsi üzərindən şərh etməyə davam edək. Oyaq olmaq üçün oyun oynadığının fərqində olmaq da kifayət deyil. Oyaq olmağın ilk əlaməti sual verməkdir. Oyunu niyə oynadığını düşünməlidir insan. Cavab önəmli deyil, çünki cavab istənilən halda vahid həqiqətin mövcudluğu tərəddütsüz aşkar olunmadığı müddətcə nisbi olacaqdır. İstənilən halda oyaq olmaq düşünmək deməkdir. Düşünmək isə sual verməkdir. Bədənimiz bizim mövcudiyyətimiz, zehnimiz varlığımızdır. Təkrarlanan hər bir cavabsız sual, ürək döyüntüsü kimi oyaq olmağın əlamətidir.
2025