Essedə Kalliopi Lemos and Nancy Atakanın “A State Of Acceptance” adlı sərgisi üzərindən müasir incəsənətdəki sıxıcı və təkrar təəsüratı analiz edilib.
Gazelli art house`da Kalliopi Lemos and Nancy Atakanın “A State Of Acceptance” adlı sərgisi keçirilib. Sərgi barədə ən sonda deyiləcək sözü ən başda demək istəyirəm; Nümayiş olunan işlər və sərgi əlbətdə contemporary art çərçivəsində yüksək səviyyədədir. Əsasən tekstil olmaqla qarışıq material və texnikadan istifadə olunub. Contemporary art`ın əsas xüsusiyyətlərindən biri olan çeşidliliyi eksponatların növlərində görmək mümkündür. Həm ənənəvi yağlı boya işlər, video instalyasiyalar həm də yüngül metal kastruksiyadan heykəllər və.s. Müraciət olunan mövzular isə daha çox "dəyər" anlayışının araşdırılması ətrafında qurulub. Qadın olmağın və qadın hüquqlarının, zamanın və gəncliyin, xatirələrin dəyəri. Həm işlərin, həm material və texnikanın, həm də üslub və mövzuların çeşidliliyi və əhatə dairəsi sərgini ziyarət edən istənilən qonaq üçün doyurucu təcrübə yaşa dabiləcək qədər zəngindir.
AMMA! Bütün bu saydığım müsbət cəhədlərinə baxmayaraq bir izləyici kimi nümayiş olunan işlər məndə maraq hissi oyatmadı. Baxdığım obyektlərin mənasını, təmsil etdiyi ideyanı, hekayəni öyrənmə ehtiyacı duymadım. Məni buna təşvik etmədi. Ağlımda heç bir sual işarəsi yaratmadı. Bir çox müasir sənət sevərin zövq ala biləcəyi sərgidən həzz ala bilməmək mənim üçün məyusedicidir. Əlbətdə sərginin məndə yaratdığı bu darıxdırıcı təəsüratın səbəbi haqqında müəyyən fərziyyələrim var. Düşünürəm ki, anlaşılmazlığın mənbəyi nə mənəm, nə də eksponatlar və ya sərgidir. Problemli olan müasir sənət mühitidir. Bunun iki cür; çox bəsid və kifayət qədər kompleks izahı var.
Bəsitdir, çünki bu tərz işləri o qədər çox görmüşəm ki, sözügedən sərgidə gördüklərim məni heç bir halda təəccübləndirmədi. Sadəcə vizual olaraq dəfələrlə gördüyün art obyektlərin növbəti fərqli bir versiyası idi. Mövzu seçimləri isə mahiyyətindən xaric, böyük ölçüdə daha əvvəl dəfələrlə işlənmiş və sənətçini tanımayanlar üçün içinə girə bilməyəcəyimiz qədər özəldir.
Kompleksdir, çünki müasir incəsənətdə, bu sərgidə əksikliyini hiss etdiyim təəccübləndirmə, həyəcanlandırma, maraq oyatma kimi psixolojik, mənəvi təsir yaratmaq həddindən artıq çətindir. Hər nə qədər təzadlı görünsə də bu məsələ çətin olduğu qədər, bu günün sənət dünyasında aktualdır da. Hətta bəzi sənətçilər bu məsələyə o qədər ciddi yanaşırlar ki, bəzən sırf yaradıcılıqlarını izləyicini sadəcə təəccübləndirmək üzərinə qururlar. Nəticədə yaradıcılıq məhsulu içi boş pafosdan ibarət olur. Halbuki yaradılan art obyektin mükəmməlliyi, orijinallığı və ideyası səmimi şəkildə işləndiyi zaman heyranlıqla qarışıq təəccüb hissi özü-özlüyündə yaranır. Təəssüf ki, bu sərgi orijinallıqdan uzaq bir mükəmməlliyə sahibdir.
Back to Top