Məni narahat etmə. Mən, “mən” olmaqla məşğulam!
Kim var orda? Orda qal, yaxın gəlmə! Nə istəyirsən məndən? Ya da sus, heç bilmək də istəmirəm. Buna zamanım yoxdu.
Məni narahat etmə, mən düşünməklə məşğulam. İşim budu, düşünmək. Yüküm budu, düşünmək. Cəzam budu düşünmək. Ümidim, çıxış yolum budu, düşünmək. Bir ömrüm var düşünərək tükədəcəyim. Bir insan ömrü qədər geriyə sayan zamanım var. Göz qapaqlarım endiyi, işıqlar söndüyü zaman düşünmək də bitəcək. Bitəcəkmi? Bilmirəm, bunu da düşünürəm. Bəzən cavabları düşünürəm, bəzən sualları düşünürəm. Amma heç vaxt niyə düşündüyümü düşünmürəm. Çünki bunu düşündüyüm zaman belə düşünmüş oluram. Deyəsən ağlımı itirirəm. Ağlımı tapmalıyam, bunumu axtarıram? Amma dayana bilmirəm, bu fikri məndə olmayan ağlımdan çıxara bilmirəm, niyə düşünürəm?! Əl çək yaxamdan! Uzaq dur məndən! Əllərim düşüncəyə bulaşır, üstüm-başım düşüncə olur. Bədənim düşüncəylə örtülür, boğazıma qədər yüksəlir. Gözlərimin içinə nüfuz edir. Mənliyimi ələ keçirir düşüncələr. Silə, təmizləyə bilmirəm. Silkinsən tökülərmi üstümdən? Özümü oda atsam, parçalasam? Buxarlanıb havaya sovrulsam canımı qurtararammı? Deyəsən boğuluram. Bura bataqlıqdı. Düşüncə bataqlıdı. Yox! Anlayıram. Bataqlıq mənəm! Düşüncə mənəm. Nə sualların əhəmiyyəti var, nə cavabların. Düşünmək üçün yaranmadım mən, mən düşüncənin özüyəm. Yaradan mənəm! Düşünmədən dura bilmərəm, çünki mən varam. Düşünməmək üçün yox olmalıyam.
“Mən düşündükcə var dünya, mən yoxam, o da yoxdu!” (Ömər Xəyyam).
Məni narahat etmə, mən yaşamaqla məşğulam. İp üzərində gəzirəm gözlərim bağlı. Mən yaşayıram, budu mənim həyat yolum. Hansı yol, yolmu var? Yolu mən çəkirəm, atdığım hər addım ipə təmas etmədən yol yaranmır. Var olmaqdı mənim işim. Var etməkdi mənim işim. Var olmağa davam etməkdi “yaşamaq” dediyim. Bu çox ciddi işdi, diqqətimi dağıtma. Qollarım yanlara açılmış ruhum qəbul edir üzümü sığallayan rüzgarı. Dünyanın, kainatın sığalıdı bu rüzgar. “Afərin” deyir, “sən sağsan, sən yaşayırsan” deyir. Amma həmən ardından pıçıldayır qulağıma yüngül meh, “bax odu ən yaxşı, ən gözəl yaşayan!”. Yerdə duran bir daşı işarə edir! Varlığı yaşaması üçün yeganə şərtdi. Özündən çox əmindi, məğrurdu o daş. Mənimsə yaşamaq üçün duyğularım, fikirlərim, bir də mənliyim var. Bu haqsızlıqdı! Tarazlığımı pozur bütün bu yüklər. Amma dözməliyəm, çünki bilirəm. Bilirəm bir gün mən də o daş qədər səssiz olacam. Bütün bu duyğulardan, fikirlərdən, mənlikdən və bu bədəndən xilas olacam. O zaman o daşdan daha yaxşı yaşayacam. Daşın yaşaması üçün var olması kifayətdir, amma mənim heç bir fiziki varlığa ehtiyacım olmayacaq. Mən kainata qarışacam, mən zamana qarışacam. Mən hər yerdə hər şey olacam. O zaman o daş da mən olacaq. Mən zamanın üzərində məkansız yaşayacam.
Məni narahat etmə, mən insan olmaqla məşğulam. Özümü tətmin edirəm. Budu mənim işim. Mən hər zaman ac qalmağa çalışıram. Doymamalıdı gözlərim. Hər zaman axtarmaqdı məqsədim. Fərqi yoxdur nə axtardığımın. Mənim işim daşı qısqanmaqdı. Hər zaman daha yaxşısıdı istəyim. Amma get-gedə çətinləşir işim. Ağır gəlir insan olmağım məsuliyyəti. Yoxdu iradəm sona qədər saxlayım yadımda kim olduğumu. Daha asandı özümə ad vermək. Özümü o adla çağırmaq, buyam demək daha asandı. Yaddaşım get-gedə zəifləyir. Bəzi şeyləri unutmağa başlayıram. Mən kiməm məsələn? Mən bir isiməm. Mənə verilən addan ibarətəm. Yoxsa...? Bir zamanlar deyəsən insan idim. Bilmirəm, unutdum. Başqa insanlar vardımı? Deyəsən onları da unutdum. Başqa canlılar? Heyvanlar, bitkilər? Mən harada yaşadığımı da unutdum deyəsən. Dünya olmalıdı adı... bilmirəm. Mən zamanı da unuduram bəzən. Varmıydı bunun bir əvvəli, bir axırı? Çoxmu vacib idi bunları yadda saxlamaq, çoxmu vacib idi insan olmaq? Bilmirəm, bəlkə hə, bəlkə də yox.
Hələ də ordasanmı? Dinləyirsənmi dediklərimi? Çıx kölgədən, yaxın gəl! Əllərin əllərimə bənzəyir, gözlərin gözümə. Mənim kimi baxırsan, mənim kimi nəfəs alırsan. Mənim kimi hərəkət edirsən. Amma sən mən deyilsən. Sən sadəcə mənim bədənimsən. Hər zaman məni izləyirsən. Niyə? Bilirəm..., üzr istəyirsən, bilirəm peşmansan. Bilirəm, mənə yaşatdıqların sənin günahın deyil. Barışmaqmı istəyirsən, budumu həqiqətən arzun?
Elə isə məni narahat etməsin zaman, məni narahat etməsin məkan. Mən, “mən” olmaqla məşğulam.
Cavid Həsənli