Essedə, 15.12.2023 tarixində Azərbaycan Milli İncəsənət Muzeyində açılışı olan və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərginin mahiyyətini təhlil edilir.
Heç şübhəsiz Azərbaycan qədim dövlətdir və müxtəlik aspektlərdən təsir dairəsi bu günkü sərhədlərimizin çox irəlisindədir. Düşünürəm ki, Qarabağın işğaldan azad edilməsi sadəcə otuz illik işğalın sonu yox, eyni zamanda tarixi köklərimizə qayıdışın başlanğıcıdır. Bu mənada Qərbi Azərbaycanın önəmi, İrəvanda mövcud olmuş yüksək mədəniyyətimin izlərinin üzə çıxarılması bizim üçün həyati əhəmiyyətə malikdir. Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin keçirilməsi bu mənada çox məsuliyyətli və önəmli addımdır.
Sərgidə göstərilən ekspozisiyalar sırasına Sərdar sarayının Qacar üslubunda işlənmiş interyeri, Azərbaycan dəzgah boyakarlığının banisi M.Q.İrəvaninin saray üçün işlədiyi pannolarının surətləri və ilk dəfə nümayiş olunan divar rəsmlərinin eskizləri, Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsi, Əslən Qərbi Azərbaycandan olan Xalq rəssamı Hüseyn Əliyevin qrafika əsərləri və görkəmli xalçaçı-rəssam Kamil Əliyevin müəllifi olduğu xalçalar daxildir. Eyni zamanda qeyd edim ki, sərgidə Səfəvilər dövründə İrəvanda zərb olunan müxtəlif sikkələr, İrəvan xanlığına aid bayraqların replikaları, İrəvanın məşhur nəsillərindən olan ziyalıların evlərini bəzəmiş sənət nümunələrini də görmək mümkündür.

Düşünürəm ki, bu sərgini ümumiləşdirilmiş dəyərləndirməsi iki fərqli başlıq altında mümkündür. Birincisi və ən önəmlisi mahiyyətdir. Yazının girişində bu məsələyə ötəri toxundum. Adətən muzey dedikdə düşüncəmizdə tarix və keçmiş canlanır. Ancaq unutmamalıyıq ki, tarix heç vaxt keçmişdə qalmır. Yaşanılan günün reallıqları hətta keçmişi də dəyişdirə biləcək şərtləri və gücləri formalaşdıra bilir. Ona görə dünəni dünəndə qoyub unutmaq olmaz. Bu günümüz və gələcəyimiz kimi, keçmişimizə də sahib çıxıb onu qorumalıyıq. İllərdir bizim bir xalq olaraq Qərbi Azərbaycanla dərin köklərə sahib mənəvi – mədəni əlaqələrimiz hücumlara məruz qalır. Bu ərazilərdə tarixən mövcud olmuş, daha sonra dədə-baba torpaqlarından qoparılaraq zorla deportasiya edilmiş xalqımızın yaratdığı nadir sənət abidələri dağıdılmış, vandalizmə məruz qalmışdır. “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi və gələcəkdə silsilə halını alacağına inandığım bu mövzuya toxunan sərgilər itirilməyə çalışılan izlərin yenidən oyadılmasına və dərinliyinin üzə çıxarılmasına, möhkəmləndirilməsinə xidmət edir. Bu sərgi həm də ona görə önəmlidir ki, tarixi reallıqları qoruyarkən bizə qılınc və qalxan əvəzi lazım olan faktları, sübutları çox çətin zəhmət bahasına toplayaraq ekspozisiya kimi ortaya qoyur.

İkinci başlıq bir qədər texnikidir və daha çox azərbaycanlı milli kimliyimdən əlavə, fərd olaraq şəxsi maraq dairəmə daha çox xitab edir. Diqqətimi çəkən məqamlardan biri Azərbaycan memarlığının şah əsərlərindən olan İrəvan Sərdar sarayı oldu. Çünki bu ekspozisiyada ölkəmizin muzey tarixində ilk dəfə olaraq süni intellekt vasitəsilə Sərdar sarayının Qacar üslubunda işlənmiş interyeri foto proyeksiya ilə canlandırılmışdı.

Texnalogiyanın sənət dünyasında tətbiqi, yaradıcılıq fəaliyyətində istifadəsi və bundan yaranan bir çox məsələlər hələ də müzakirə mövzusu olaraq qalır. Xüsusiylə son zamanlarda süni intellektin aktuallığı daha çox ön plandadır. Belə bir mühitdə, Azərbaycanın ən böyük incəsənət muzeyinin ekspozisiyanın nümayişi üçün süni intellektdən istifadəni seçməsi məncə xüsusi qeyd edilməyə layiq addımdır. Ən azı ona görə ki, ənənələrə bağlılığı, müasir yanaşmalardan üstün tutan ölkəmizin incəsənət məkanında süni intellektin istifadə edilə biləcəyi bir çox faydalı formalardan birini əyani nümayiş etdirmiş oldu.

Qeyd: Yazıda Azərbaycan Milli İncəsənət Muzeyinin rəsmi səhifəsinin sözügedən sərgi ilə bağlı paylaşdığı məlumatlardan da istifadə olunub.
Back to Top