Müəllif və mətn arasında “yaradılan” çəkişmə mühitini dəyərləndirərkən əvvəl nisbətən mikro ölçüdə məsələni ələ almaq lazımdır. Lokallaşdırmanı aid olduğum sahə olduğu üçün vizual incəsənət ətrafında etməyi uyğun görürəm. Addım-addım xüsusidən ümumiyə doğru keçidlər qat-qat dərinləşən mövzunu açmaqda rəhbər xüsusiyyəti daşıya bilər. Hərçənd bu heç də asan olmayacaq. Çünki elə ilk addımda, başlanğıcda qarşılaşdığımız ziddiyət irəlisi üçün aydın işarədir.
Müəllifin ölümünü təsviri incəsənətdə nəzərdə keçirəndə, çağdaş incəsənətdə bəzən artıq qeyd etdiyim ziddiyətlərlə üzləşirik. Əsərin müəllifdən təcrid şəkildə dəyərləndirilməsinin tərəfdarıyam. Ancaq əsəri müəllifdən tamamiylə təmizləmək, arındırmaq mümkün deyil. Çünki ümumi kainata baxdıqda belə, ilk nöqtədə bir təkan vericiyə ehtiyac duyulur. Əsər məğzi etibariylə şərhə açıq, elastik formada istənilən subyektiv formaya salına, dartışdırıla bilər. Amma ümumi materialın kökündəki müəllifin xam maddə rolunu dəyişmir.
Digər tərəfdən ziddiyəti yaradan çağdaş incəsənətin müəllifdən azad sənət iddiası ilə paralel hələ də, sadəcə müəllif üzərindən anlaşılan əsərlərin yaradılması davam edir. Hətta əsər müəllifə gedən yol kimi bir vasitəçi rol oynayır. Bəzilərində bu bir addım da irəli gedərək müəllifin özünü “vitrinə qoymaq” üçün “bəhanə”, formal prosedur səviyyəsinə endirilir.
Çağdaş sənət əsərlərinin tərkibi vizual olanla mücərrəd, abstrakt fəlsəfənin balansının pozulmasına səhnə olur. Fəlsəfi mətn indi əsas rolu oynayır. Bu halda mətnin müəllifi, mətnin məğzi və mətnin özü məsələsi “Müəllifin ölümü” essesində olduğu kimi yenidən müzakirəyə açılır. İlk cəhtdə müəllifi materialist məhsul olan əsərdən ayırmaq mümkün olmadısa, bu mərhələdə müəlliflə vidalaşmaq əlbətdə mümkündür. Sadəcə bu nə qədər doğru addımdır əmin deyiləm. Əgər fikir versək, dayandığımız yol ayrımı bizi yenidən halqa formasında dövr-daim hərəkətin içərisindəymiş kimi əvvələ gətirdi. Əgər müəəlliflə sağollaşsaq ilkin təkan verici qüvvəni görməzdən gəlmiş olarıq. İstənilən halda səbəb-nəticə prinsipi hələ də keçərlidir. Baş verən hər şey özündən bir əvvəlkinin nəticəsidir. Belə olan halda biz yenidən müəllifə gedib çıxacağıq.
Əslində bunu etməyə də bilərik. Hər şey bir, “niyə?” sualından asılıdır. Bu sualı vermədən məsələni lokallaşdıra, sadəcə həmin an çərçivəsində qalaraq durum analizi edə bilərik. Ancaq geniş və dərin düşünmək istəyiriksə bu çox absurd addım olar. Ona görə biz qaçınılmaz olaraq müəllifə doğru irəliləyəcəyik. Üstəlik qarşımızda haçalanan yüzlərlə yol ayrımından istədiyimizi seçərək davam etsək də mütləq şəkildə müəlliflə üzləşməkdən qaça bilməyəcəyik. Bir digər maraqlı qərar anı da burada baş verəcək.
Müəllifin irəli sürdüyü mücərrəd düşüncə nəyə əsaslanır? Budur, yenidən “niyə?” sualını verib-verməmək arasında seçim etmək məcburiyyətindəyik. Elə isə bizim daim hərəkətdə olduğumuzu, kəşf etdiyimiz müəllif, ideya, hadisə, an kimi anlayışların sadəcə müəyyən dayanacaqlar olduğunu deyə bilərik. Sonsuz dairələr cızdığımız dövrü-daim hərəkət içərisindəyik. Mənim üçün qaranlıq qalan məqam isə bu hərəkət prosesinin səbəbidir. Hər bir halda sual verməkdən, “niyə?” sualından qaça bilmirik. Sualı verən şəxs-fərd olduğuna görə cavabı özündə axtarır. Özündən gələn cavab mücərrəd müstəvidə başqa təkan verici qüvvələrə əsaslanaraq yenidən fərddən müvvəqqəti olaraq uzaqlaşır. Beləcə fərq və kosmis mücərrəd fəza arasında daimi hərəkət yaranır. Mücərrəd fəzaları hər dövrdə absrürd şəkildə bir-birinin içinə keçirərək entropiya yaradan dairəvi hərəkət nəyə görə var? Nəyəsə görə daimi olaraq hərəkətdəyik? Bu qapalı dövrü-daimdən çıxmaq mümkündürmü? Bu haqda düşünməyin özü belə bizi yenidən sonsuz dövrü-daim içərisində saxlamırmı? Elə isə başda qeyd etdiyim kimi ziddiyətli vəziyyət yaranır. Dairəni qırmaq – müəllifdən qaçmaq üçün düşünməmək lazımdı. Bəs, düşünməmək insan üçün mümkünüz deyilmi?
Digər tərəfdən razılaşmaq olar. Mətn özü özlüyündə mövcuddur. Müəllif sadəcə onu istiqamətləndirmişdir. Ya da zamanı nə keçmiş, nə də gələcək, sırf indi olaraq dərk etsək, bu belə görünür. Mücərrəd düşüncə (bilgi) müəllifin üzərində, onu aşan hələ ki, bizə sonsuz görünən ömrə sahibdir və bir axar içərisində hərəkət edir. Ancaq sual verməyə başladığımız anda, müəllifin dayanacağından yan keçmək mümkünsüz olur.
Mətn mahiyyət, məna etibariylə zaman kimi sonsuz və axar təəsüratı yaradır. Ən azı demək olar ki, bizim qavrayışımıza belə uyğunlaşır. Ancaq əgər yazıdan, sırf mexaniki – fiziki prosesdən söhbət gedirsə bu halda yenidən dairəvi girdaba yuvarlanırıq. Çünki yazı, hətta yazının əsaslandığı düşünmənin məhsulu olan düşüncə insanla başlamışdır. Bu halda yenidən insana, dövrü-daimin ən başına qayıdırıq.
Bəli, oxucunun doğuluşu üçün müəllif ölməlidir, amma müəllifi yenidən dirildən də elə intihara meyilli olan oxucunun özüdür.
Cavid Həsənli