Cavid Həsənli
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
                 Təsviri sənət və sənətşünaslıq fakültəsini magistrantı
E-mail: h.cavid92@mail.ru

“İbrahimbəyov qardaşları”: Haçalanan yol
Azərbaycan təsviri sənətində tariximizin önəmli simalarına hər zaman geniş yer verilir. Təkcə heykəltəraşlıq sahəsində Cəlal Qaryağdı, Ömər Eldarov, Fuad Əbdürəhmanov və başqa bir çox heykəltəraşımız həm öz dövrlərinin, həm də tarixi şəxsiyyətlərin obrazlarını yaradıcılıqlarında canlandırmışdır. Hüseyn Caviddən Səməd Vurğuna, Nəriman Nərimanovdan Mirzə Ələkbər Sabirə qədər, onlarla ziyalı şəxsiyyətlər həyat və yaradıcılıqları ilə incəsənət dünyasının mahir sənətkarlarına ilham mənbəyi olmuşdur.
Bu günün müasir mühitində mövzu olaraq Azərbaycanın tarixində iz qoymuş şəxslərə müraciət demək olar bir ənənə halını almışdır. Gənc rəssamlar və heykəltəraşlar həmin ziyalı şəxslərin simasında ölkəmizin dəyərlərinin ləbliğinə dəstək verirlər. Bu ənənəni davam etdirən yeni nəslin nümayəndələrindən biri də Sahib Yaqubovdur.
2010-2014-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecində Rəngkarlıq ixtisası üzrə təhsil alan Sahib, bakalavr təhsilini 2016-2020-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakultəsində alıb. Gənc sənətçi yaradıcılıq yolunu hər iki sahədə - rəngkarlıq və heykəltəraşlıq üzrə bərabər davam etdirir. Müraciət etdiyi mövzular kifayət qədər geniş sahəni əhatə edir. Buraya mifoloji obrazlar, milli ornamentlər, mücərrəd düşüncələr, müasir texnika və yexnalogiya, portret, tarixi şəxsiyyətlərin obrazları üzərində qurulan kompazisiyalar və.s daxildir.
Daha əvvəl də qeyd etdiyimiz kimi Sahib bir ənənənin davamçısıdır və xüsusi şəxsiyyətlərin obrazları onun yaradıcılığında mühüm rol oynayır. “Aşıq Ələsgər”, “Nizami Gəncəvi”, “Heydər Əliyev”, “Hacı Şahin”, “Mikayıl Hüseynov və Sadıq Dadaşov” və başqa bir çox əsərin müəllifidir. Gənc heykəltəraş bakalavr dərəcəsində, diplom işi üçün isə Rüstəm və Maqsud İbrahimbəyov qardaşlarının obrazına müraciət etmişdir.
İbrahimbəyov qardaşları Azərbaycanın yaxın tarixində dərin iz qoymuş şəxsiyyətlər, önəmli simalardır. Yazıçı, nasir, dramaturq, ssenarist olan Rüstəm və Maqsud İbrahimbəyovun filmoqrafiyasında “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Bir cənub şəhərində”, “Ad günü”, “Ölsəm... bağışla”, “Həm ziyarət, həm ticarət...” və başqa bir çox unudulmaz əsər yer alır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Azərbaycan Respublikasının xalq yazıçıları, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenləri laureatlarıdırlar.
Həm Rüstəm, həm də Maqsud İbrahimbəyov əslində mühəndis olmuş, sonradan qəlblərindəki yaradıcılıq eşqinin səsinə qulaq verərək ədəbiyyat dünyasının qapılarını aralayıblar. Ədəbiyyat sahəsindəki yaradıcılıq yolları demək olar böyük ölçüdə paralellik təşkil etmişdir. Bunanla belə tez-tez fikir ayrılıqları yaşayırdılar. İbrahimbəyov qardaşlarının bir-biri ilə olan münasibətindəki bu təzadlıq elə Sahib Məmmədov üçün mövzunu cəlb edici edən əsas səbəblərdən biri olmuşdur.
Məmmədovun 2020-ci ildə ərsəyə gətirdiyi “İbrahimbekov brothers” (İbrahimbəyov qardaşları) kompazisiyası iki əsas və bir köməkçi fiqurdan ibarətdir. Bunlar, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov və onun itidir. Ümumi işin ölçüləri 80x70sm və 45sm-dir. Material olaraq isə plastilindən istifadə olunmuşdur.
Kompazisiya quruluş baxımdan kifayət qədər maraqlıdır. Burada heç bir fiqurun duruşu təsadüfi deyildir. Yuxarıda da qeyd etdiyim kimi, iş daha çox iki sima arasındakı şəxsi münasibətləri əks etdirir. Hər iki əsas fiqur bir-birinə əks istiqamətlərdə, ancaq kürəkləri bir-birinə söykənən formada əyləşdirilib. Onlar öz aralarında nəyinsə barəsindəsə danışır, sanki qızğın, eləcə də özəl müzakirə aparırlar. Bu proses kənardan bir növ məsləhətləşməyə bənzəyir. Üz ifadələri sanki müzakirənin mövzusunun vacibliyini vurğulayır. Hər iki fiqurun oturuşu kifayət qədər rahat və özündən əmindir. Bununla belə fiqurların bədən dili əslində əsərin sətir altı mətnini bazir şəkildə izləyicinin diqqətinə çatdırır.
Maqsud və Rüstəm İbrahimbəyov qardaşları gənclik illərindən hər zaman bir-birlərinə dəstək olmuşdular. Aralarındakı bağlılıq kifayət qədər yüksək olmuşdur. Bəlkə elə bunun nəticəsidir ki, mühəndislikdən ədəbiyyata gedən yolu demək olar birlikdə addımlayıblar. Ancaq zaman keçdikcə aralarında fikir ayrılıqları yaranmağa və böyüməyə başlamışdır. Bununla belə çalışıblar ki, şəxsi münasibətlərini heç vaxt ətrafa əks etdirməsinlər. Sahib Məmmədovun əsərində də iki sima arasındakı təzadlı münasibət bədən dilə ilə aydın şəkildə göstərilir. Onların ayaqları artıq əks istiqamətlərə addımlasa da, kürəkləri yenə də bir-birinə söykənir və nəticədə bir-birlərindən aldıqları güclə öz mövqelərində əmin və arxayındırdırlar. Əsərdə üçüncü – köməkçi fiqur Maqsud İbrahimbəyovun itidir. Bu it, həm də iki əsas fiqur arasında ünsiyyət körpüsü quraraq kompazisiyada tamamlayıcı rola sahibdir. Beləcə kompazisiyanın dairəvi, dalğavari quruluşu tamamlanmış olur.
Fiqurlar iri yaxmalarla işlənib. Bu cür yanaşma öz növbəsində əsərin daşıdığı emosional yükü dinamizmlə birləşdirir. Eləcə də yaxmalarla formaların arxitektonikası və fakturası təmin edilib. Digər tərəfdən tarazlığı yerdə yatan itin sakitliyi, hər iki əsas fiqurun simasındakı düşüncəli, canlı ifadə tənzimləyir. Kompazisiyada birdən çox fiqur işlənsə də mütənasiblik tam dəqiq şəkildə həyata keçirilib. İş, ilk baxışda izləyicidə monumental təəsürat yaradır. Ancaq əslində əsər kamera xarakterlidir.
Bu kompazisiyanın ərsəyə gəlməsi üçün gənc heykəltəraş ondan çox fərqli formalarda eskizlər hazırlamış, ancaq ilkində qərar qılmışdır. Hazırlıq mərhələsində Sahib, Rüstəm İbrahimbəyovla görüşmüş, onun da razılığını almışdır. İbrahimbəyov qardaşı ilə arasındakı münasibəti bu kompazisiyada gördüyünü bildirmişdir.
Gənc heykəltəraş öz diplom işi ilə sadəcə Azərbaycan tarixi üçün dəyərli iki şəxsin obrazına müraciət etməmiş, onların timsalında mənəvi dəyərlərə diqqət çəkmişdir. Əsərdə ailə, qardaşlıq, birlik, ayrılıq, sakitlik, dinclik, gərginlik və bəlkə bir qədər kədər eyni anda izləyiciyə ötürülür. Bununla belə bu qədər hiss-duyğu yükü xaotik görkəmdən çox uzaqdır. Kompazisiyanın dairəvi quruluşu nəzərlərimizə rəhbərlik edir. Bizi, bütün saydığım duyğuları ardıcıllıqla və mükəmməl harmonik formada yaşadacaq formada ardınca aparır. Bütün fikir ayrılıqlarına, həyatın və zamanın dikdə etdiyi kənar təsirlərə baxmayaraq ailə olmağın gücünü və qardaşlığın dəyərini tamaşaçının qəlbini isidəcək dərəcədə aydın hiss etdirir.
Yekun olaraq qeyd edə bilərik ki, heykəltəraş Sahib Yaqubov qarşısına qoyduğu məqsədə çata bilib. Onun “İbrahimbəyov qardaşları” adlı işi quruluş, bədii və estetik həll, texniki yanaşma və ideyanın açılması cəhətdən kifayət qədər uğurlu alınıb. Bundan sonra isə geriyə sadəcə, bir növ eskiz halında olan işin nə vaxtsa real ölçüyə köçürüləcəyi zamanı gözləmək qalır.
“İbrahimbəyov qardaşları” (2020), 80x70x45sm.
Müəllifin şəxsi emalatxanasında saxlanılır
Back to Top