"İblis"
Təbiətdə qara rəng yoxdur. Biz rəssamlar buna inanırıq. Bəzilərimiz bu inancı hətta üslub halına (impressionist) gətirirdi. Digər tərəfdən “Qara” sözünü ifadə edərkən ilk ağla gələn təsəvvürlərdən biri onun tam ziddi, ağ rəng olur. Ağla gələn digər şey isə şər anlayışıdır. Şər özü mücərrət varlıqdır, ancaq fiziki varlığı ilə vizual duyğularımıza xitab edən, ən az qaranın ağla tandemi qədər şərin də xeyirlə qarşılıqlı daimi ünsiyyəti şüurumuzu müəyyən mənada formalaşdırmışdır. Əksər xalqlar qarayla ağı, aydınlıq və zülmət, xeyir və şərlə əlaqələndirir. T.Edison kimi dahi şəxslər zülmətin varlığını danıb, işığı mərkəzə qoyarkən, fəlsəfədə  Daoizm (Taoizm) və Konfüçyanizm kimi düşüncə modelləri xeyirlə şəri iç-içə keçmiş şəkildə təsvir etdilər.
Xeyirlə şərin mübarizəsi tarix boyu mifalogiyalardan, əfsanələrə, nağıllara, yazılı və şifayi ədəbiyyata qədər hər zaman aktual mövzu olmuşdur. Azərbaycan ədəbiyyatı da bu məsələdən yan keçməmiş, bir çox əsərdə sözügedən iki qütbün sonsuz mübarizəsinin fəlsəfi əsasları araşdırılmışdır. Belə ədəbiyyat nümunələrindən biri də Hüseyn Cavidin “İblis” pyesidir.
Bir rəssam olaraq hər zaman gördüyümü, dinlədiyimi, oxuduğumu və hiss etdiyimi şüur süzgəcimdən keçirərkən, özümə məxsus şəkildə dərk etməyi adət halına gətirmişəm. Bir növ instinktiv və sosiolojik əsasları olan bu qavrama forması “İblis” əsərini oxuyarkən gözümdə canlanan səhnələri fərdi yanaşma əsasında şərh etməyimə səbəb oldu.
İlkin təəsürat əsərin xeyirlə şərin mübarizəsi üzərində durması olsa da əslində şər aləmində yolunu azmış xeyirin yolunu tapmağa çalışan çarəsiz çırpınışlarının təsviridir. Burada hər hansı bir mübarizədən söhbət gedə bilməz. Güclərin qeyri bərabər olduğu müstəvidə qaydaları qoyan da, hakim və düşmən rolunu oynayan da şərdir. Hər şey onun nəzarətində və onun istəyi kimi baş verir. Əsərin gözlərimin önünə sərdiyi belə bir mənzərə, həm xeyirin həm də şərin kainatdakı mövqeyini yenidən nəzərdən keçirməyimə səbəb olur. Çünki tarix boyu dəfələrlə doqmalara baş qaldıran insan bəlkə bu dəfə də yanılırdı. Bəlkə də qaranlıq, işığın olmadığı yer yox, işıq zülmətin səltənətində, sonsuz qaranlıq çöllərində süzülən bir zərrə idi. Boşluğun heçliyində bir yerdə öz ağ işığının sehriylə, pərvanəyə dönmüş, özü-özünün ətrafında fırlanaraq mövcudiyyətinin pərəstişkarı olmuşdu. Elə isə nə idi bu üsyanın, fəryadın səbəbi? Hələ də təkəbbürü əldən qoymayaraq ətrafa ləkə yaxma, özündən başqa hər şeyi günahlandırma səyi? Jan-Pol Sartr`ın, “Pislik insanın azadlığının nəticəsidir. Allahın yoxluğunda insanlar öz dəyərlərini yaradır və bu dəyərlərə müvafiq olaraq şəri də yaradırlar." – sözləri bizə yenidən insanı işarə edir. Bəlkə də sualın özü elə cavabdır.
“İblis”in  ruhumda yaratdığı izlər qara və qırmızı rəngdə idi. Təsvir etdiyim səhnələrə iblisi təmsil edən qırmızı rəng hakimdir və o hər yerdədir. Bütün səhnələrdə onu görə, bütün hadisələrin onun nəzarəti altında baş verdiyini anlaya bilərik. Axar görünümlü zülmətin qaranlığı isə İblisin oyun meydançasını çevrələməkdədir. Əsər insanı özünə dönməyə, şər aləmin sonsuzluğundan geri qayıtmağa çağırır. İnsana, insanı işarə edir. Çünki əslində bilirik bütün cavabların bizdə olduğunu. Bəli, çünki sual da bizik, elə cavab da.
Xeyirin və şərin mənbəyi, eləcə də mənası tarix boyu çox müzakirələrə mövzu olub. Yəqin ki, bundan sonra da bu döngü davam edəcək. Ancaq məchuliyyət dənizində dəqiq olan bir tək mayak var. Zülmətin sonsuz uzaqlıqdakı üfüqündə parlayan o kiçik nur zərrəsi bizə, xeyirin də şərin də varlığının səbəbinin biz olduğumuzu, biz var olduğumuz üçün var olduğu və biz getdikdən sonra bizimlə birlikdə yox olacağını pıçıldayır.

Rəssam Cavid Həsənli
H.Cavid. "İblis". Səhnə tərtibatı və geyimlər.
Cavid Həsənli. ADMİU. Diplom işi. 2022.
Back to Top