“Azərbaycan xalçası-ilmələrin rəqsi” – Keçmişə işıq tutaraq gələcəyə addım atmaq

Xalça! Bu bizim üçün elə bir anlayışdır ki, xalça dedikdə böyükdən kiçiyə hər kəsin, hər bir azərbaycanlının ağlında müəyyən fikir formalaşır. Ona görə bu sahədə hətta mütəxəssis olmayan biri də Azərbaycan xalçaları barədə yenilik gördükdə buna reaksiya vermədən ötə bilməyəcəkdir. Bizim mədəni irsimizin tərkib hissəsi olduğu üçün verəcəyimiz reaksiya müəyyən mənada instinktiv xarakter daşıyacaqdır. Buradan yola çıxaraq “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı kolleksiyanı da məhz təəsürat üzərindən dəyərləndirməyin mənim üçün uyğun olacağını düşünürəm.
Layihənin əsas memarlarından biri olan Xalq Rəssamı Eldar Mikayılzadənin xalçaçı rəssam kimi Azərbaycanın dəyərli şəxsiyyətlərindən biri olması əlbətdə hər kəsə məlumdur. Onun keçdiyi uzun yaradıcılıq yolu dərin köklərə sahibdir. Hansı ki, bu gün ərsəyə gətirilən əsərlərin dünya şöhrətli rəssam Səttar Bəhlulzadədən, Azərbaycan xalçalarını dünyada tanıdan görkəmli sənətkar Lətif Kərimovdan izlər daşıması bunu sübut edir. Ancaq daim dəyişən, dinamik müasir dövrün nümayəndəsi kimi mənim ən çox diqqətimi çəkən Mikayılzadənin bu qədər dərin tarixə və keçmişə sahib Azərbaycan xalçaçılıq məktəbinə yenilikçi yanaşmasıdır. Biz bu yenilikləri “Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyasının kompazisiyalarında görürüksə də, digər tərəfdən ümumilikdə sözügedən kolleksiyanın xalqımızın mədəni mirasının davamı mənasında necə böyük əhəmiyyətə sahib olduğunu Heydər Əliyev Fondunun göstərdiyi yüksək diqqətdən də anlaya bilərik. “Azərbaycan xalçası-ilmələrin rəqsi” ötürücü mahiyyətə sahibdir. Keçmişdə sıxışıb qalmış dəyərli xəzinələrə yeni bir yol açaraq onları gələcək nəsillərə ötürür. Məhs bu yeni yol Eldar Mikayılzadənin yenilikçi yanaşmasının əyani sübutudur.
Kolleksiya ictimaiyyətə Heydər Əliyev Mərkəzində sərgi vasitəsiylə nümayiş olunur. Sərgi sözünü vurğulayıram, çünki kolleksiyanı təəsürat üzərindən dəyərləndirmə istəyim həmçinin sərginin təşkil olunduğu məkandan gəlir. Belə ki, sərgiyə ilk addımımı atdığım andan etibarən real dünya ilə əlaqənin kəsildiyi hissinə qapıldım. Mühit, mistik, bilinməzlərlə dolu yeni bir aləmə düşmüş kimi hiss etdirir və izləyicini birbaşa xalçalarla üz-üzə qoyur. Bizə də bu bilinməzlərlə dolu aləmdəki xəzinələri, yenilikləri görüb bilmək qalır.
Ümumi sərgini gəzdikdə hər addımda Şəkidən ilhamlanıldığı həqiqətən biraz daha aydın olur. Şəki Xan Sarayının divar rəsimlərindən şəbəkələrə, zərgərlik məlumatlarından Şəkixanovların evinə qədər Şəkini xatırladan hər bir tarixi əməhəmiyyətə sahib əsərin izlərinə rast gəlmək mümkündür. Şəkinin mədəni yaradıcılığı onun təbiətinin bir növ bəhrəsi olduğu üçün onları ayrılıqda düşünmək çətindir. Elə “Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyasında da zəngin flora və faunaya geniş yer verilib.
Məsələn “Cəmadət” xalçasında ümumilikdə heyvanlar aləmi təsvir edilərkən “Şikargah”da insanların bu aləmdə ova çıxması nümayiş etdirilir. “Bəndi-rumi” isə Şəki Xan Sarayındakı bütün real heyvan rəsmləri ilə yanaşı fantastik canlıları da nəzərlərimiz önünə sərir. Diqqət etsək görərik ki, istər heyvanlar aləmi olsun, istər insanlar, istər insanın yaratdığı əvəzsiz saray kimi tarixi abidə, heç biri ayrılıqda yox, əksinə bir-biri ilə əlaqəli və tam vəhdət içərisində təsvir olunub. Bu vəhdət digər xalçalarda da davam edir.
“Göllü”də təbiətlə insan, “Tağlı”da saray və quşlar, eləcə də bu silsilədən olan “Cənnət quşları”, “Cənnət bağı”, “Narlı” xalçalarında mükəmməl harmoniyanın şahidi oluruq.
Eldar Mikayılzadə kompazisiyalarında fəlsəfi və insanların inancı ilə bağlı mövzulara da simvolik mənada toxunub. Məsələn “Dörd fəsil”də dualizm, kişi və qadın üzərindən başlanğıc fikri izləyicini bu barədə düşünməyə sövq edir. “Ağaclı” xalçasında isə həm Şəki xanlığının simvolu olan qızıl gül təsvir olunub həm də doğruluğun və imanın rəmzi olan sərv ağacları “inanc” anlayışına işarə edir.
Bundan başqa “Yaranış”, “Xan ovu”, “Cəng və barış”, “Şəbəkəli”, “Adəm və Həvva”, “Ləçək-turunc” kimi xalçalar unikallıqları ilə seçilir. Ümumilikdə “Azərbaycan xalçası-ilmələrin rəqsi”də heyvanlar aləmi, insan, memarlıq abidələri, fəlsəfə, inanc, tarix, təbiət kimi bir çox mövzu kolleksiyadakı hər bir xalçaya şamil edilərək tərkib hissəsi kimi əsas mövzuda bütövlük yaradılıb. Biz xalçalarda sadəcə mövzu baxımından yox, eyni zamanda istər həndəsi, istər nəbati istərsə də süjetli olması cəhətdən ornament və naxışların ayrılmasını, birləşməsini, ən nəhayətində vəhdədini görürük.
Əvvəldə də qeyd etdiyim kimi “Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyası təməlində daşıyıcı misiyaya sahibdir. Bu səbəbdən hər bir xalçanın öz hekayəsi var. Sərgini gəzərkən məndə, keçmişdən bu günə, bizə çatdırılan bu hekayələrdən əsasən süjet vasitəsiylə bəhs edildiyi təəsüratı yarandı. Eyni zamanda süjet xətti ənənəvi ornament və naxışlarla dəstəklənir. Subyektiv fikrimə əsasən deyə bilərəm ki, bu, izləyicidən adaptasiya tələb edir. Nəticə etibari ilə xalça ilə üz-üzə dayanarkən keçmişimizə aid ən qədim hekayələrin bizə yeni bir dillə danışıldığını anlayırıq. Hər bir yenilik isə ilk növbədə onunla rastlaşanlardan barəsində düşünmə, uyğunlaşma təlbə edir.
Heç şübhəsiz Eldar Mikayılzadə “Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyası ilə Azərbaycan xalçaçılıq sənətində və Şəkinin mədəni tarixində yeni səhifə açdı. Köklərimizlə əlaqələrimiz daha da gücləndirildi, mədəni-tarixi yaddaşımız təzələndi. Nəhayət əminliklə deyə bilərik ki, keçmişə işıq tutaraq gələcəyə doğru böyük bir addım atıldı.
İzləyici olaraq bilinməzliyi və sehirli aləmi xatırladan sərgi salonundan çıxarkən artıq bir çox şeyi bilib, agah olmaq “Azərbaycan xalçası-ilmələrin rəqsi”nin mənə bəxş etdiyi ən gözəl təəsüratdır.


Cavid Həsənli
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Təsviri sənətin tarixi və nəzəriyyəsi
Magistr, I kurs
Back to Top