Bir xalqın yaddaşı və onun qoruyucuları
Tarixi bir əsərlə qarşılaşdıqda insanların reaksiyası fərqli olur. Əlbətdə onlar hisslərini müəyyən qədər izah edə bilərlər, buna əsasən sizə də onlarla empatiya qura bilərsiz. Ancaq təbii ki, heç kim, heç kimin nə hiss etdiyini, o anda ağlından nə keçdiyini tam mənası ilə anlaya və bilə bilməz. Ona görə bir tarixi əsərlə qarşı-qarşı gəldikdə yaşananları yalnız fərdi təcrübəmə əsaslanaraq yazmağım səmimiyyətimə şübhə yeri qoymaz.
Tarixi əsərdən bəhs ediriksə ilk növbədə diqqət yeritilməli olan “tarix” ifadəsidir. Tarix bir zaman göstəricisidir. Beynimiz zamanı yalnız bir istiqamətə axan çay kimi təsəvvür etməyə öyrəşib. Bu gün burdayam – A zaman nöqtəsində, sabah orada olacağam – B zaman nöqtəsində, amma sabah heç vaxt buraya (A) qayıtmayacağam. Yoxsa elə deyilmi?
Astrofizikanı sevirəm. Xüsusiylə həvəskar səviyyədə maraqlandığım bu sahənin qanunları ilə gündəlik həyatda rastlaşdıqda sanki mənim üçün havada bir anlıq qığılcım çaxır. Albert Eynşteynin nisbilik nəzəriyyəsini oxuduqda onun ümumi fikrini dərk etmədə çətinlik çəkməmişdim. “Çayın” müxtəlif şərtlər altında fərqli sürətlə axması və.s fantastik ədəbiyyat oxuyurmuş kimi əyləncəli gəlir mənə. Ancaq məsələ, bunu birbaşa təcrübə etməyə gəldikdə mənim üçün birmənalı olaraq muzeylər xüsusi yerə sahibdi. Fantastika demişkən, filmlərdə zamanda səyahət üçün qırmızı telefon köşklərinə ya da saat 88 mil sürətə çatan avtomobilə ehtiyac duyula bilər, amma real həyatda bunların qarşılığı demək olar sadəcə muzeylərdir. Bəli, bilirəm filmlərdəki qədər əyləncəli səslənmir və sıxıcı görünür ilk baxışda. Ancaq əmin olun həmin binaların içərisi yüzlərlə, bəlkə də minlərlə zaman poltalı ilə doludur.
Muzeydə məsələn hansısa qədim saxsı məişət əşyası, ya da qədim xalça ilə üz-üzə gələndə gözlərimi ondan ala bilmirəm. O anda ağlımdan keçənlər nəfəsimi kəsir. Nəbzim sürətlə atmağa başlayır, ətrafa yavaş-yavaş sükut çökür. Məndən sadəcə bir cam qoruyucu örtük uzaqlıqda olan o saxsı qaba doğu bir əl uzanır. Sanki arada heç bir maneə yoxmuşcasına, hətta yoxdan var olmuş kimi qaba toxunur. Əgər nə vaxta su qabı olaraq işlədilibsə içinə deyəkki su tökür, ya da əşya, qida saxlamaq üçün nəzərdə tutulmuşdusa yanında gətirdiyi nəyisə onun içinə yerləşdirir. Yüzlərlə, minlərlə il keçmişdən gələn bu əl, eksponat kimi nümayiş etdirilən saxsı qabın ilk sahibi bütün bunları, o gün, orada, mənim gözlərim qarşısında edir. Ya da bir xalçanı düşünün… Əgər mümkünsə barmaqlarımı üzərində gəzdirdiyim ilməklər əlimi o anda başqa bir ələ təmas etdirir. Gözlərimi yumaraq hiss etməyə çalışıram. Ağırlaşan atmosfer zamanın yavaşladığını, bir məqamda artıq geriyə getdiyini, saniyələrin illərə, dəqiqələrin əsrlərə çevrildiyini göstərir. Hiss edirəm… xalçanın üzərində bir əl daha var, onu toxuyan insanın əli, biraz sonra onun sahibinin əli, şən gülüş səsi ilə hansısa körkənin kiçik əlləri… və.s. Ağlımdan keçən bu fikirləri zehnim qavramaqdan aciz olsa da ruhum və qəlbim çox gözəl anlayır. Astrofizika qanunları bizə gələcəyə səyahətin mümkün olduğunu, ancaq keçmişə qayıdışın əsla mümkün olmadığını və olmayacağını deyir. Görünür muzeylər bu mənada məkanın içində, ancaq zamanın üstündə olan yerlərdir.
Bununla belə gördüklərimin mənası olmalıdır deyə düşünürəm. Bir adı olmalıdır. Muzeydəki eksponatlar ona baxdığım zaman sanki keçmişdən bağlı olduğu xatirələri çağırıb mənə göstərir. Eynən insan beyninin nəyisə xatırlamaq istədikdə şüuraltından həmin informasiyanı çağırması kimi. Bu halda muzeylərə “Vizual yaddaş” deyə bilərik. Nəticədə yaddaşın da növləri var və muzeylər əksər hallarda vizual eksponatlar üzərindən tarixi vərəqləyir. Hər nə qədər muzeylərlə insan hafizəsini müqayisə etsəm də mahiyyət etibariylə bu binaların içərisi insanla müqayisə olunmayacaq dərəcədə çox çeşidli, həm də əsrlərə yayılacaq qədər də uzun ömürlüdür. Bu halda sözügedən “vizual yaddaş” forması bir insandan çox bir-birini əvəz edən insanların toplu xatirəsi olası bilər. Digər bir deyişlə böyük bir xalqın yaddaşı həmin divarlar arxasında qorunur.
“Qorunur” dedikdə bu sözü fikri bədiiləşdirmək üçün işlətmədim. Təbii ki, sözün əsl mənasında muzeydəki eksponatlar öz sahəsinin mütəxəssisləri və muzey işçiləri tərəfindən qorunur, onlara qulluq edilir. Nəticə etibari ilə muzeydəki eksponatların və onların qorunmasının əmiyyəti hər kəsə məlumdur. Bunu əlavə izaha da ehtiyac yoxdur. Ancaq sanki onların bütün bu proseslərdəki rolunun və əməyinin biraz bədii təsviri də yerinə düşərdi. Ehtiram və hörmət əlaməti olaraq bu şəkildə davam edəcək sətirlərimdə muzeyləri ən dəyərli əşyaların saxlandığı gizli xəzinə sarayı, mütəxəssis və işçi heyətini isə onun keşikçiləri rolları ilə dəyişirəm. Necə ki, əsrlər əsrləri qovduqca əşyalar zamanda səyahətinə davam edər, həmin keşikçilər də vahid şəkildə sadiq yol yoldaşlığına davam edərlər. Onlar hər zaman orada, vəzifələrinin başında olarlar. Düşünmək olar ki, insan ömrü əsrlər qarşısında tab gətirməz, ancaq hakim idealogiya heç çəkinmədən min illiklərə meydan oxuyar. Şəxslər, məkanlar dəyişsə də eksponat və onun keşikçisi ideyası zamanda sonsuz səyahətinə davam edər. Artur Şopenhauerin də deməyə çalışdığı kimi, insanlar doğular, yaşayar və ölərək bir-birini əvəz edər. Ancaq “insan” varlığı ilk yarandığı gündən sonsuza doğru yaşamına davam edər.
Söhbət fəlsəfədən açılmışkən, tarix boyu düşünən zehinlər insanın varlığının səbəbini öyrənməyə, bəzilərinin fikrincə buna bir haqq qazandırmağa, bəzilərinə görə don geyindirməyə, hətta səbəbsiz də ötüşə biləcəyinə inanmağa çalışdılar. Bu müzakirələrin bu gün də davam etdiyini nəzərə alsaq hələ də ortaq məxrəcdə razılığa gəlinmədiyi barizdi. İnsanın bu həyatdakı vəzifəsi nədir? Məsələn muzeydə çalışanlar da insandır, amma bu cür sualların yaratdığı qayğılardan uzaq görünürlər məncə. Özü üçün təyin etdiyi vəzifə öhdəliyinin dərkində olan insan həyatdan zövq alan insandı. “Xəzinə keçişçiləri”nin vəzifəsi də sadəcə onu qorumaqla məhdudlaşmır. Onlar həm də “Xalqın vizual yaddaşını” möhkəmləndirməklə məşğuldurlar.
Daha əvvəl qeyd etdiyim kimi muzeylər böyük mücərrəd beynin yaddaş bölümünü xatırladır. Muzey çalışanları isə neyronlar kimi daim aktiv fəaliyyətdədirlər. Onlar sadəcə əldə mövcud olan eksponatlara qulluq etməklə mövcud xatirələri qorumur, eyni zamanda kolleksiyaya əlavə olunan yeni eksponatlarla tarixin tozlu səhifələri arasından yeni xatirələrə cığırlar açırlar. İnsan yeni öyrəndiyi informasiyanı qalıcı olaraq zehninə həkk etmək üçün onu tez-tez təkrarlayır və neyronlar arasında əlaqə güclənir. Muzeylərdə də hər əlavə olunan yeni eksponat aid olduğu dövrlə bağlı xalqımızın tarixi vizual xatirələrini daha canlı, təfərrüatlı və qalıcı edir.
Bu qədər bədii bənzətmələrdən sonra buludların üzərindən yerə enib Bakı küçələrində gəzməyə başlasaq ayaqlarımızın bizi özümüzdən asılı olmadan Azərbaycan Milli Xalça Muzeyinə aparacağına əminəm. Mən şanslı idim, çünki içindəki xəzinələrə əlavə olaraq xarici görkəmi ilə də paytaxtımızın ən gözəl memarlıq nümunələrindən biri olan məkanda xüsusi bir gündə yer aldım.
Qısa müddət əvvəl dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi münasibətilə tədbir keçirildi. Mənim üçün bu tədbiri yadda qalan edən keçdiyi 55 illik uzun və çətin yolla yanaşı yolun 55-ci dayanacağında “keçmişə verilən salam” və gələcəyə ötürülən mesaj oldu. Tədbirdə muzeyin kolleksiyasına yeni daxil olunan eksponatlar – XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid iki cüt sırğa qonaqlara nümayiş olundu. Bu, mənim nəzərimdə bir jest idi. Öz vəzifə öhdəliyini vurğulayaraq keçmişə bu gün üçün minnətdarlıq və ehtiram göstərildi. Həmçinin yuxarıda da qeyd etdiyim kimi xəzinənin keşikçiləri olaraq bu addımları ilə zaman çayına buraxdıqları yeni eksponatları gələcək nəsillərə göndərmiş oldular.
Heç şübhəsiz 55 illik əməyin, zəhmətin müqabilində edilə biləcək ən gözəl hərəkət 55 il ərzində hər gün fasiləsiz görülən işlərin bir gün daha yenidən görülməsi, davam etdirilməsi idi. Çünki 55 son yox, sonu görülməyən yolda sadəcə 55-ci dayanacaq idi.
Cavid Həsənli
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Təsviri Sənət Tarixi və Nəzəriyyəsi
Magistr, I kurs.